Müqəddəs Kitab

Flash Needs to be Turned On

Matta fəsil 12

1 O vaxtlar İsa bir Şənbə günü taxıl zəmiləri arasından keçirdi. Şagirdləri ac idi və sünbülləri qırıb yeməyə başladılar.2Fariseylər bunu görüb Ona dedilər: «Budur, şagirdlərin Şənbə günü qadağan olunan işləri görürlər».3İsa onlara dedi: «Davud və yanındakılar ac olanda nə etdiklərini oxumamısınızmı?4O, Allahın evinə girdi; ona və yanındakılara deyil, yalnız kahinlərə yeməyə icazə verilən təqdis çörəklərini yedilər.5Eləcə də Qanunda oxumamısınız ki, kahinlər məbəddə Şənbəni pozurlar, lakin təqsirsiz sayılırlar?6Amma sizə deyirəm ki, məbəddən daha üstün Olan buradadır.7Əgər siz “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını bilsəydiniz, təqsirsizləri məhkum etməzdiniz.8Ona görə ki Bəşər Oğlu Şənbə gününün Sahibidir». 9İsa oradan ayrılıb onların sinaqoquna girdi.10Budur, orada əli qurumuş bir adam var idi. Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə «Şənbə günü şəfa verməyə icazə varmı?» deyə soruşdular.11İsa onlara belə cavab verdi: «Hansınızın bir qoyunu olarsa və qoyun Şənbə günü çuxura düşərsə, onu tutub çıxartmaz?12İnsan qoyundan nə qədər dəyərlidir! Beləliklə, Şənbə günü xeyirxah iş görməyə icazə var».13Sonra İsa adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıdıb o biri əli kimi sağlam oldu.14Fariseylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər. 15İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına şəfa verdi.16Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi:18«Budur, Mənim seçdiyim Qulum!Mənə sevimlidir, könlüm Ondan razıdır.Mən Öz Ruhumu Onun üzərinə qoyacağam.O, millətlərə ədalət elan edəcək.19O nə mübahisə, nə də fəryad edəcək.Küçələrdə heç kim Onun səsini eşitməyəcək.20Ədaləti zəfərə çatdırana qədərƏzilmiş qamışı qırmayacaq,Tüstülənən piltəni söndürməyəcək.21Millətlər Onun adına ümid bağlayacaq». 22Ondan sonra İsanın yanına cinə tutulmuş kor və lal bir adamı gətirdilər. İsa ona şəfa verdi. Beləcə o danışmağa və görməyə başladı.23Bütün xalq «Bu, Davudun Oğlu deyilmi?» deyə mat qaldı.24Lakin fariseylər bunu eşitdikdə dedilər: «Bu Adam ancaq cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». 25Fariseylərin nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz daxilindən bölünmüş hər şəhər yaxud ev davam gətirməz.26Əgər Şeytan Şeytanı qovarsa, özü daxilindən bölünmüş olur. Bu vəziyyətdə onun padşahlığı necə davam gətirər?27Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq.28Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib.29Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan onun malını necə qarət edə bilər? Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.30Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır. 31Buna görə sizə deyirəm: hər bir günah və hər bir küfr insanlara bağışlanacaq; amma Ruha qarşı küfr bağışlanmayacaq.32Kim Bəşər Oğluna qarşı söz söyləyərsə, bağışlanacaq; amma kim Müqəddəs Ruha qarşı söyləyərsə, nə bu dövrdə bağışlanacaq, nə də gələcək dövrdə. 33Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac bəhrəsindən tanınır.34Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar.35Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır.36Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər.37Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan». 38O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək istəyirik».39İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək.40Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq.41Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.42Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. 43Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz.44O zaman deyər: “Çıxdığım evə dönüm”. Evə qayıdanda onu boş, süpürülmüş və səliqə-sahman içində görər.45Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu özü ilə götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar. Bu pis nəslin də başına belə iş gələcək». 46İsa camaatla söhbət edəndə anası və qardaşları bayırda durub Onunla danışmaq istəyirdilər.47Bir nəfər İsaya dedi: «Budur, anan və qardaşların bayırda dayanıb Səninlə danışmaq istəyirlər».48Amma İsa bu sözü söyləyənə cavab verib dedi: «Mənim anam və qardaşlarım kimlərdir?»49Əlini şagirdlərinə doğru uzadaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.50Çünki kim göylərdə olan Atamın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».