Müqəddəs Kitab

Flash Needs to be Turned On

Efeslilәrә fəsil 4

1 Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz.2Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün.3Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın.4Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir,5Rəbb bir, iman bir, vəftiz bir,6hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır. 7Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir.8Bunun üçün belə deyilir: «Ucalara çıxıb əsirləri Özü ilə apardı,İnsanlara hədiyyələr verdi».9Bəs bu «çıxıb» sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi.10Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur.11Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki,12Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər.13Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq.14Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq.15Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək.16Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. 17Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin.18Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular.19Həssaslığı hərtərəfli itirərək hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər.20Sizsə Məsihi elə öyrənməmisiniz.21Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız.22Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın,23ruhən və əqlən yeniləşin,24əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün. 25Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik.26Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub27iblisə yer verməyin.28Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun.29Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin.30Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz.31Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun.32Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın.