Müqəddəs Kitab

Flash Needs to be Turned On

1 Yәhya fəsil 4

1 Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb.2Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır,3İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır.4Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür.5Onlar dünyadandır, buna görə də dünyəvi mövqedən danışırlar və dünya onlara qulaq asır.6Bizsə Allahdanıq. Allahı tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və aldatma ruhunu bundan tanıyırıq. 7Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.8Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir.9Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq.10Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.11Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.12Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur. 13Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib.14Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi.15Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır.16Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.17Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik.18Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil. 19Biz sevirik, çünki öncə O bizi sevdi.20Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz.21Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.