Müqəddəs Kitab

Flash Needs to be Turned On

Matta fəsil 13

1 O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu.2Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu.3İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı.4Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.5Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.6Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu.7Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu.8Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi.9Qulağı olan eşitsin!» 10Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?»11O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir.12Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq.13Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”.14Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız,Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız.15Çünki bu xalqın ürəyi kütləşdi,Qulaqları ağır eşitdi,Gözlərini yumdular ki,Gözləri ilə görməsinlər,Qulaqları ilə eşitməsinlər,Ürəkləri ilə anlamasınlarVə Mənə sarı dönməsinlər ki,Mən onlara şəfa verim”.16Amma sizin gözləriniz nə bəxtiyardır, çünki görür və qulaqlarınız nə bəxtiyardır, çünki eşidir!17Sizə doğrusunu deyirəm: bir çox peyğəmbərlər və saleh adamlar sizin gördüklərinizi görməyi arzuladılar, amma görmədilər, eşitdiklərinizi eşitməyi arzuladılar, amma eşitmədilər. 18İndi əkinçi barədə məsəlin izahını dinləyin:19kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur.20Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir.21Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır.22Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur.23Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir». 24İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir.25Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi.26Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü.27Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?”28O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?”29O dedi: “Yox, çünki dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız.30Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”». 31İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir.32Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur». 33İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». 34İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki,35peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam,Dünya yaranandan bəriGizli qalan şeyləri bəyan edəcəyəm». 36O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et».37Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur.38Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır.39Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir.40Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq.41Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq42və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq.43O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin! 44Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı. 45Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir.46O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı. 47Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir.48Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar.49Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər.50Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq». 51İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər.52İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir». 53İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı.54Öz doğma yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüvvə haradandır?55Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi?56Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?»57Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar».58İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.