Müqəddəs Kitab

Flash Needs to be Turned On

Matta fəsil 20

1 Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir.2O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.3Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü.4Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”.5Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi.6On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?”7“Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi. 8Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”.9On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar.10Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar.11Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər:12“Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.13O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı?14Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm.15Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”16Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq». 17İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi:18«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər;19ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək». 20O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi.21İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun».22Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik».23İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək». 24Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu.25İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.26Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.27Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun.28Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin». 29İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi.30Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı.31Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar.32İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»33Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın».34İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.