Müqəddəs Kitab

Flash Needs to be Turned On

Matta fəsil 25

1 O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək.2Onlardan beşi ağıllı, beşi isə ağılsız idi.3Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi.4Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü.5Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı.6Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!”7O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər.8Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”.9Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”.10Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı.11O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər.12O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”.13Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz. 14Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi.15O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü.16Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı.17İki talant alan da beləcə daha iki talant qazandı.18Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi. 19Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi.20Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”.21Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” 22İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”.23Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” 24Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan.25Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!”26Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi?27Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım.28İndi əlindəki talantı ondan alın və on talantı olana verin!29Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq.30Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”. 31Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq.32Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq.33Qoyunları sağına, keçiləri isə soluna qoyacaq. 34O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.35Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz;36çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”.37Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik?38Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik?39Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?”40Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. 41O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın!42Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz;43qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”.44Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?”45O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”.46Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».