Müqəddəs Kitab

Flash Needs to be Turned On

Matta fəsil 9

1 İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi.2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı».3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır».4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz?5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək?6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!»7Xəstə qalxıb evinə getdi.8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. 9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular.11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var.13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». 14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?»15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». 18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq».19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu.21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram».22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər.25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı.26Bu xəbər o torpağın hər tərəfinə yayıldı. 27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!»28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb».29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun».30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı.31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər.33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi».34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». 35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər.37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır.38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».