Müqəddəs Kitab

Flash Needs to be Turned On

Luka fəsil 9

1 İsa On İki şagirdi yanına çağırıb bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi.2Onları göndərdi ki, Allahın Padşahlığını vəz edib xəstələri sağaltsınlar.3İsa onlara dedi: «Yol üçün heç nə – nə əsa, nə torba, nə çörək, nə pul, nə də iki köynək götürün.4Hansı evə girsəniz, orada qalın və oradan da yola çıxın.5Harada sizi qəbul etməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».6Onlar da yola düşüb hər yerdə Müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar. 7Hökmdar Hirod baş verən bütün hadisələr barədə eşitdi və çaşıb-qaldı. Çünki bəziləri «Yəhya ölülər arasından dirilib»,8digərləri «İlyas zühur edib», başqaları da «qədim peyğəmbərlərdən biri dirilib» deyirdi.9Hirod isə dedi: «Yəhyanın boynunu mən vurdurdum, bəs haqqında bu xəbərləri eşitdiyim Adam kimdir?» Hirod Onu görməyə can atırdı. 10Həvarilər İsanın yanına qayıdıb gördükləri işlər haqqında Ona danışdılar. Sonra İsa yalnız onları Özü ilə götürüb Bet-Sayda adlanan bir şəhərə apardı.11Amma camaat bu barədə xəbər tutub Onun ardınca düşdü. İsa onları xoş qarşıladı, onlara Allahın Padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı. 12Artıq gün batırdı. On İki şagird İsanın yanına gəlib Ona dedi: «Camaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik».13Amma İsa onlara dedi: «Onlara yeməyi siz verin». Şagirdlər Ona cavab verdilər: «Beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu camaat üçün bir şey alaq?»14Orada beş minə yaxın kişi var idi. İsa şagirdlərinə dedi: «Onları dəstə-dəstə, əlli-əlli oturdun».15Şagirdlər də eləcə edib hamını oturtdular.16İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra onları bölüb şagirdlərə verdi ki, camaata paylasınlar.17Hamı yeyib-doydu. Artıq qalan hissələr on iki zənbilə yığıldı. 18Bir gün İsa tək dua edirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu: «Camaatın dediyinə görə Mən kiməm?»19Onlar belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib».20İsa onlara dedi: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter cavab verdi: «Sən Allahın Məsihisən».21İsa şagirdlərinə qadağan edib əmr etdi ki, bunu heç kəsə danışmasınlar. 22O dedi: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və üçüncü gün dirilməlidir». 23Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.24Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənim uğrumda canını itirirsə, onu xilas edəcək.25İnsan bütün dünyanı qazanıb canını məhv edər yaxud itirərsə, ona nə xeyri var?26Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq.27Amma sizə həqiqəti deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığını görmədən ölməyəcək». 28Bu sözləri söyləyəndən təxminən səkkiz gün keçmişdi. İsa Özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua etmək üçün dağa çıxdı.29İsa dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı.30O anda iki nəfər İsa ilə söhbət etməyə başladı. Onlar Musa və İlyas idi.31Onlar ehtişam içində göründülər və İsanın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar.32Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsanın ehtişamını və yanında duran iki kişini gördülər.33Onlar İsanın yanından gedəndə Peter İsaya dedi: «Ustad! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün». Əslində o nə dediyini bilmirdi.34Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü.35Buluddan bir səs gəldi: «Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın!»36Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb o günlərdə gördüklərini heç kimə danışmadılar. 37Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı.38Camaat arasından bir kişi çığırdı: «Müəllim, yalvarıram, oğluma nəzər sal, o mənim yeganə balamdır.39Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc-bəla ilə onu tərk edir.40Mən şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».41İsa da ona cavab verdi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər Mən sizinlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir».42Oğlan İsaya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan etdi, oğlanı sağaldıb atasına qaytardı.43Hamı Allahın əzəmətinə təəccüblənirdi. Onlar hamısı İsanın etdiyi işlərə heyrət edərkən O, şagirdlərinə dedi:44«Bu sözlərə qulaq asın: Bəşər Oğlu insan əllərinə təslim edilmək üzrədir».45Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və Ondan bu söz barədə soruşmaqdan da qorxurdular. 46Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar.47Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu.48Sonra onlara dedi: «Kim Mənim adımla bu uşağı qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni Göndərəni qəbul edər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür». 49Yəhya cavabında dedi: «Ustad, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizimlə birgə getmədiyinə görə ona mane olduq».50Amma İsa ona dedi: «Ona mane olmayın! Əleyhinizə olmayan sizin tərəfinizdədir». 51Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi.52İsa qabağınca elçilər göndərdi. Onlar İsanın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər.53Lakin Samariyalılar İsanı qəbul etmədilər, çünki O, Yerusəlimə doğru gedirdi.54Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər: «Rəbb, bunları məhv etmək üçün bir əmrlə göydən alov yağdırmağımızı istəyirsənmi?»55Amma İsa dönüb onlara qadağan etdi.56Sonra onlar başqa bir kəndə yollandılar. 57Onlar yol boyu gedərkən bir nəfər İsaya dedi: «Sən hara getsən, Sənin ardınca gedəcəyəm».58İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 59Bir başqasına İsa dedi: «Ardımca gəl». O isə dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim».60İsa ona dedi: «Qoy ölülər öz ölülərini dəfn etsin. Sənsə get, Allahın Padşahlığını bəyan et». 61Yenə başqa bir adam dedi: «Ya Rəbb, Sənin ardınca gələrəm, amma əvvəl icazə ver evimdəkilərlə vidalaşım».62Lakin İsa ona dedi: «Kotanı tutub geriyə baxan Allahın Padşahlığına layiq deyil».