Müqəddəs Kitab

Flash Needs to be Turned On

İbranilәrә fəsil 12

1 Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq.2Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.3Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz. 4Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız.5Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz: «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma,Onun məzəmmətindən ruhdan düşmə.6Çünki Rəbb sevdiyini tərbiyələndirər,Qəbul etdiyi hər oğulu döyər». 7Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin?8Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız.9Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi?10Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.11Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir. 12Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin.13Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın. 14Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.15Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.16Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı.17Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə qadir olmadı. 18Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya,19şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar.20Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər.21Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi.22Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə,23göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına,24Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız. 25Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir.26O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi «Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm» deyə vəd etmişdir.27«Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar.28Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək.29Çünki Allahımız yandırıb-yaxan alovdur.