Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yaqub fəsil 2

1Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin.2Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə,3gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə,4öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı?5Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?6Sizsə kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi məhkəmələrə çəkən onlar deyilmi?7Sizin məxsus olduğunuz Şəxsin şərəfli adına küfr edən onlar deyilmi? 8Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz.9Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz.10Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur.11Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan.12Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın.13Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir. 14Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi?15Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa16və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var?17İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür. 18Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə göstərəcəyəm.19Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər!20Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi?21Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı?22Görürsən, iman onun əməlləri ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır.23Beləliklə, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı belə yerinə yetdi və İbrahim Allahın dostu adlandırıldı.24Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır.25Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı?26Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür.