Müqəddəs Kitab

Flash Needs to be Turned On

1 Peter fəsil 5

1 Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvarıram,2Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin.3Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun.4Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız. 5Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».6Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.7Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır. 8Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır.9Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər.10Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq.11Qüdrət əbədi olaraq Onun olsun! Amin. 12Bu qısa məktubu etibarlı saydığım qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahın həqiqi lütfü budur. Ona bağlı qalın. 13Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır.14Bir-birinizi məhəbbətlə öpərək salamlayın.