Müqəddəs Kitab

Flash Needs to be Turned On

1 Yәhya fəsil 5

1 İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən ondan doğulanı da sevir.2Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik.3Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil.4Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır.5Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan! 6Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir.7Bəli, üç şahid var:8Ruh, su və qan. Bunların üçü də bir-birinə uyğun gəlir.9Biz insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib.10Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb.11Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır.12Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur. 13Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.14Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.15Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq. 16Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin.17Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var. 18Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir.19Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır.20Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur. 21Ey övladlar, özünüzü bütlərdən qoruyun!