İlyas peyğəmbər

İlyas peyğəmbər həqiqətən də Allaha itaətkar bir insan idi. Onun yaşadığı dövrdə İsrail xalqına Baal bütünə sitayiş edən bir padşah rəhbərlik edirdi. İlyas peyğəmbərsə camaatı cansız bütlərə deyil, diri olan Rəbb Allaha səcdə etməyə cağırırdı. İlyas Allaha imanında güclü idi, o dua etdi ki, 3 il yağış yağmasın və elə də oldu. Üç il ərzində yağış yağmadı və o vilayətdə böyük aclıq baş verdi. İlyas padşahdan qaçaraq Kerit vadisində gizləndi. Orada qalarkən o, vadidəki sudan içdi və qarğaların gətirdiyi ət və çörəklə qidalandı. İlyas üç ildən sonra yenə dua etdi, Rəbb göyləri açdı və yağış yağmağa başladı. İlyas bütpərəst Axav padşahın yalançı peyğəmbərlərinin və bütün xalqın gözü önündə Rəbb Allaha dua etdi və Allah göydən alov göndərib kəsilmiş qurbanı yandırıb yox etdi. Beləliklə, hamı gördü ki, İlyasın səcdə etdiyi Allah həqiqi diri Allahdır.