Musa

İbrahimin oğlu İshaqdan Yaqub doğuldu. Yaqubun on iki oğlundan isə İsrail xalqı yarandı. İsrail xalqı o vaxt fironun hökm sürdüyü bir vaxtda Misirdə qul kimi yaşayırdı. Fironun öz allahları, bütləri var idi və o, İsrail xalqının artmasını dayandırmaq üçün dəhşətli bir əmr verdi. Bu əmrə əsasən İsrail xalqının körpə oğlan uşaqları məhv olmalıdır. Bu əmr icra edilməyə başlayanda son dərəcə gözəl olan körpə Musanın anası övladını çox gizlədə bilməyəcəyini anlayaraq öz körpəsi üçün çıxış yolu düşünür. Körpə Musanı səbətin içinə qoyub Nil çayına buraxır. İçərisində körpə olan səbət çayın axarı ilə gəlib fironun qızının evinə çıxır. Fironun qızı körpəni səbətdən götürüb ona Musa adını verir və onu öz oğlu kimi böyüdür və Musa fironun ailə üzvü kimi tərbiyə alır. İllər keçir və Musa öz xalqına necə kömək edəcəyini düşünür. Amma onun bu planları boşa cıxır və nəhayət o, fironun qorxusundan Misirdən səhraya qaçır. Səhrada o, bir qəbiləyə rast gəlib onlarla yaşayır və sonra qəbilə kahininin qızı ilə evlənir.

Bir gün Musa dağda yanan bir kol görür və bu ona çox maraqlı görünür. Kola yaxınlaşanda Rəbb Allah Musa ilə danışaraq onu geriyə Misirə İsrail xalqını oradan çıxarmaq üçün göndərəcəyini buyurur. Amma Musa özünə əmin deyildi, ona görə də Allahla mübahisə edərək onun dil qüsuru olduğunu bildirir. Rəbb Allah isə ona əlamət olaraq Musanın əlindəki çomağın ilana çevrilməsini göstərir.

Musa Misirə qayıdıb İsrail xalqının oradan çıxmasını firona bildirir, amma firon Musanın Allahını tanımır və İsrail xalqını buraxmayacağını bildirir.

Fironun inadkarlığına görə Rəbb Allah Misirin üstünə on cəza göndərir. Ən axırıncı cəza isə ölüm cəzası idi. Nəhayət bu cəzadan sonra firon İsrail xalqını buraxır və onlar tez bir zamanda Misiri tərk edib Qırmızı dənizə doğru yola düşürlər.

Qəzəbli firon birdən qərara gəlir ki, İsrail xalqına çatıb onların hamısını yolda məhv etsin. İsrail xalqının tarixində baş vermiş bu ən böyük möcüzəli hadisənin necə baş verdiyini izləmək üçün saytımızda yerləşdirdiyimiz "Musa" cizgi filminə baxa bilərsiniz.