Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yezekel fəsil 3

1O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib get və İsrail nəslinə söylə».2Onda mən ağzımı açdım və O, tumarı mənə yedirdi.3Sonra mənə dedi: «Ey bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Mən yedim, ağzım bal kimi şirin oldu. 4O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin yanına get və sözlərimi onlara söylə.5Sən ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan bir xalqın yanına deyil, İsrail nəslinin yanına göndərilirsən,6ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan çoxlu xalq arasına göndərilmirsən. Əgər Mən səni onların yanına göndərsəydim, onlar sənə qulaq asardı.7Ancaq İsrail nəsli sənə qulaq asmaq istəməyəcək, onlar Mənə də qulaq asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və dikbaşdır.8Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm.9Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm. Üsyankar bir xalq olsalar da, onlardan qorxma, qarşılarında vahiməyə düşmə». 10O yenə mənə dedi: «Ey bəşər oğlu, Mənim dediyim bütün sözləri ürəyində saxla və qulaqlarınla eşit.11Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox». 12Sonra Ruh məni yuxarı qaldırdı və arxamdan böyük bir gurultu eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış olsun».13Canlı məxluqların qanadları bir-birinə toxunduqca onların səsini, yanlarındakı təkərlərin şaqqıltısını – böyük gurultunu eşitdim.14Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu.15Mən Tel-Avivdə olan sürgün olunmuş adamların – Kevar çayının sahilində yaşayanların yanına gəldim və onların yaşadıqları yerdə qaldım. Orada onların arasında yeddi gün çaşqınlıq içində yaşadım. 16Yeddi gün keçdikdən sonra mənə Rəbbin bu sözü nazil oldu:17«Ey bəşər oğlu, səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et.18Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.19Ancaq sən pis adama xəbərdarlıq etsən, o isə pisliyindən və şər əməlindən dönməsə, öz təqsiri içində öləcək, lakin sən bunun məsuliyyətindən qurtarmış olursan. 20Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam.21Ancaq günah etməməsi üçün saleh adama xəbərdarlıq etsən və o günah etməsə, hökmən yaşayacaq, çünki xəbərdarlığı qəbul etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan». 22Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx, düzənliyə çıx, Mən səninlə orada danışacağam».23Mən qalxıb düzənliyə çıxdım. Orada da Kevar çayının sahilində gördüyüm izzət kimi Rəbbin izzəti durmuşdu. Mən üzüstə yıxıldım.24Ruh daxilimə girdi və məni ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını arxadan bağla.25Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə bağlayacaqlar, daha xalqın arasında gəzə bilməyəcəksən.26Dilini damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq olsalar da, onları məzəmmət edə bilməyəcəksən.27Yalnız Mən səninlə danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək istəməyən eşitməsin, çünki onlar üsyankar bir xalqdır.