Müqəddəs Kitab

Flash Needs to be Turned On

Yәhya fəsil 13

1 Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi.2Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu.3İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi.4O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı.5Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı.6İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi.7İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan».8Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz».9Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu».10İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox».11Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi. 12İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi?13Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam.14İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız.15Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.16Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil.17Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız. 18Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin.19İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: O Mənəm.20Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər». 21İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».22Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar.23Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı.24Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun.25Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?»26İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi.27Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi.28İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi.29Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir.30Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi. 31O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi.32İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək.33Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm.34Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin.35Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz». 36Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən».37Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm».38İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.