Müqəddəs Kitab

Flash Needs to be Turned On

2 Korinflilәrә fəsil 2

1Mən sizi kədərləndirməmək üçün qərara aldım ki, yenə yanınıza gəlməyim.2Çünki sizi kədərləndirsəm, kədərləndirdiyim sizlərdən başqa məni kim şadlandıracaq?3Bunu yazmışdım ki, gəldiyim zaman məni sevindirəsi insanlar kədərləndirməsin. Hamınıza inanıram ki, mənim sevincim hər birinizin sevincidir.4Kədərləndirmək üçün deyil, sizə bəslədiyim hədsiz məhəbbəti dərk edəsiniz deyə sizə böyük əziyyət, ürək ağrısı və göz yaşları içində yazdım. 5Əgər kimsə kədər gətiribsə, şişirtmədən deyim ki, mənə deyil, haradasa hamınıza kədər gətirib.6Beləsinə ictimaiyyətin verdiyi bu cəza bəsdir.7Hədsiz kədərə qərq olmasın deyə yaxşı olar ki, o insanı indi bağışlayasınız və təsəlli verəsiniz.8Buna görə sizdən xahiş edirəm ki, yenidən ona məhəbbət göstərin.9Bunu da sizə yazdım ki, hər vəziyyətdə sizin itaətli olmağınızı yoxlayım.10Kimi bağışlasanız, mən də bağışlayaram. Əgər mən bir şeyi bağışlamışamsa, Məsihin hüzurunda sizin xeyriniz üçün bağışlamışam ki,11Şeytan bizdən mənfəət qazanmasın. Çünki onun niyyətlərindən xəbərsiz deyilik. 12Məsihin Müjdəsini yaymaq məqsədi ilə Troasa gələndə Rəbdən mənim üçün bir qapı açıldı.13Amma qardaşım Titi orada tapmayanda ürəyim narahat oldu. Ona görə oradakılarla xudahafizləşib Makedoniyaya gəldim. 14Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan, Onu tanımaqdan yaranan ətri bizim vasitəmizlə hər tərəfə yayan Allaha şükür olsun!15Çünki biz həm xilas, həm də həlak olanlar arasında Allaha xoş olan Məsih ətriyik.16Həlak olanlar üçün ölümə aparan ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan həyat ətriyik. Belə bir iş üçün kim yararlıdır?17Axı biz çoxları kimi Allah kəlamının alverçiləri deyilik; əksinə, Allah tərəfindən göndərilib Allahın hüzurunda, Məsihdə olaraq səmimi qəlbdən danışırıq.